Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 2-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupları çərçivəsində 8 qarşılaşma baş tutub.
Türkiyə çempionu “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”in qonağı olub. Beş qolun qeydə alındığı qarşılaşma İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb. Qrupun digər oyununda “Bayern” səfərdə “Kopenhagen”ə qalib gəlib.
B qrupunda “Lans” “Arsenal”ı, PSV isə “Sevilya”nı qəbul edib. London klubu səfərdən məğlub qayıbıbsa, Eyndhovendə məhsuldar heç-heçə qeydə alınıb.
Günün diqqətçəkən matçlarından birində “Napoli” ilə “Real” üz-üzə gəliblər. Madrid təmsilçisi çətin səfərdən qələbə ilə qayıdıb. C qrupunun digər matçı “Union Berlin”lə “Braqa” arasında baş tutub. Bu oyunda da Portuqaliya təmsilçisi 0:2 hesabıyla məğlub duruma düşdüyü oyundan əzmkar qələbə ilə ayrılıb.
D qrupunda isə “Zalsburq” – “Real Sosyedad” və “İnter” – “Benfika” görüşləri keçirilib. “İnter” evdə, “Real Sosyedad” səfərdə qələbə qazanıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun qalan görüşləri sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
3 oktyabr
A qrupu
“Kopenhagen” (Danimarka) – “Bayern” (Almaniya) 1:2
Qollar: Lerager, 56 – Musiala, 67. Tel, 83.
“Mançester Yunayted” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) 2:3
Qollar: Hoylund, 17; 67 – Zaha, 23. K.Aktürkoğlu, 71. İkardi, 81.
Xal: Bayern – 6. Qalatasaray – 4. Kopenhagen – 1. Mançester Yunayted – 0.
B qrupu
“Lans” (Fransa) – “Arsenal” (İngiltərə) 2:1
Qollar: Tomasson, 25. Vahi, 69 – Q.Jezus, 14.
PSV (Niderland) – “Sevilya” (İspaniya) 2:2
Qollar: De Yonq, 86. Teze, 90+5 – Qudel, 68. En Nesiri, 87.
Xal: Lans – 4. Arsenal – 3. Sevila – 2. PSV – 1.
C qrupu
“Union Berlin” (Almaniya) – “Braqa” (Portuqaliya) 2:3
Qollar: Bekker, 30; 37 – Niakate, 41. Bruma, 51. Kastro, 90+4.
“Napoli” (İtaliya) – “Real” (İspaniya) 2:3
Qollar: Ostiqard, 19. Zelinski, 54-pen – Vinisius, 27. Bellingem, 34. Meret, 78-öz qapısına.
Xal: Real – 6. Napoli – 3. Braqa – 3. Union Berlin – 0.
D qrupu
“Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya) 0:2
Qollar: Oyarzabal, 7. B.Mendes, 27.
“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) 1:0
Qol: M.Türam, 62.
Xal: Real Sosyedad – 4. İnter – 4. Zalsburq – 3. Benfika – 0.


