İngiltərə çempionu “Liverpul”un misirli vingeri Məhəmməd Salah UEFA Çempionlar Liqasında (ÇL) unikal nailiyyətə imza atıb.
Arena.az xəbər verir ki, hücumçu buna ÇL-in Liqa mərhələsinin 1-ci turu çərçivəsində Madrid “Atletiko”suna qalib gəldikləri oyunda nail olub.
Misirli forvard İngiltərə komandaları tarixində Avropanın bir nömrəli klub turnirində 6 dəqiqə ərzində həm qol vuran, həm də məhsuldar ötürmə ilə yadda qalan ilk oyunçuya çevrilib.
Mersisayd komandası görüşün 6-cı dəqiqəsində 2:0 hesabı ilə önə çıxıb. Salah əvvəl assist edib, sonra adını tabloya yazdırıb. Yekunda “Liverpul” “Atletiko”nu 3:2 hesabı ilə üstələyib.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində 6 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 407 oyun, 248 qol, 115 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 105 oyun keçirib, 59 qol vurub və 34 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı misirli hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.