Nənəsi ölən Rodri kubok oyununu buraxa bilər

“Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodriqo Ernandesin ailəsində hüzr düşüb və Rodri hazırda ailə qayğıları ilə məşğuldur.

Arena.az “Manchester Evening News” dərgisinə istinadən məlumat verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola məsələnin təfərrüatı haqda məlumat verib:

“Təəssüf ki, dünən Madriddə Rodrinin nənəsi vəfat edib. O, bu gün və sabah İngiltərədə olmayacaq. Ümidvaram ki, o, oyun üçün vaxtında qayıdacaq, amma ailə hər şeydən önəmlidir”, deyə ispan mütəxəssis vurğulayıb.

Əgər Rodri vaxtında geri dönüb oyun üçün hazır olmasa, “Mançester Siti”nin İngiltərə Kubokunun 1/32 final oyunu çərçivəsində yanvarın 7-də “Etihad”da “Haddersfild Taun”a qarşı keçirəcəyi oyunu buraxmalı olacaq.

Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Rodri “Atletiko Madrid”in yetirməsidir. İspan “dayaqçı” “Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 5 qol vurub, 6 məhsuldar ötürmə verib.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024) qalibi olub. Rodri həmçinin 2022/2023 mövsümü Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 48 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı Rodrini 110 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: