Nərgiz Qurbanova: “İkinci qol komandamızı ruhlandırdı”

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının (U-17) baş məşqçisi Nərgiz Qurbanova AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, Bakıda təşkil edilmiş Avropa çempionatının ikinci seçmə mərhələsində Bolqarıstan yığması (3:2) ilə keçirilən oyunla bağlı fikirlərini bildirib:

“Bolqarıstanla çətin oyunda qalib gəldik. Rəqibi öncədən təhlil etmişdik və bizi gərgin mübarizənin gözlədiyini bilirdik. Bolqarıstan yığması ilk matçla müqayisədə bizə qarşı əsas heyət oyunçularını meydana buraxmamışdı. Bu da onların görüşə rahat çıxdıqlarını göstərirdi. Fürsəti lazımınca dəyərləndirərək birinci hissədə əks-hücumdan qol vurduq. İkinci hissədə bolqarların əsas heyət üzvləri mübarizəyə qoşuldular. Buna baxmayaraq, ikinci qolu vurmağmız komandamızı ruhlandırdı və qələbəyə inamı artırdı. Son dəqiqələrdə hesabda bərabərlik yaransa da, sona qədər eyni ruh yüksəkliyi ilə çıxış etdik. Nəticədə qələbə qolunu vurmağı bacardıq”, deyə Nərgiz Qurbanova vurğulayıb.

Qeyd edək ki, B Liqasının 2-ci qrupunda yer alan Azərbaycan millisi ilk iki turdan sonra 3 xalla ikinci pillədə qərarlaşıb. Komandamız son turda, martın 18-də Malta yığması ilə qarşılaşacaq. Millimiz ilk turda Lüksemburq yığmasına 0:5 hesabıyla uduzmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: