Nəriman Axundzadə “Sinsinnati” ilə matçı kənardan izlədi

Azərbaycanlı hücumçu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun “Sinsinnati”yə qarşı keçirdiyi oyunda iştirak etməyib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində “Sinsinnati”ni qəbul edib.

Doğma meydanda baş tutmuş oyunda Ohayo təmsilçisi əzmkar qələbəyə sevinib – 2:0. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 17 oyundan sonra 19 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Nərimanın komandası 17 oyunda 5 qələbə qazanıb, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: