“Napoli”nin idman direktoru Covanni Manna klubun gürcü hücumçu Xviça Kvaratsxeliya ilə yeni müqavilə haqda danışıqlar apardığını bildirib.
Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz indi Xviça Kvaratsxeliya ilə yeni müqavilə üzrə danışıqlar aparırıq. Tələsmirik. Onun hazırkı müqaviləsinin bitməsinə üç il qaldığı üçün təzyiq altında deyilik. Biz sakitik və danışıqları rahatca aparırıq”, deyə Covanni Manna bildirib.
Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. Neapol təmsilçisi gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatıb. Xviçanın İtaliya klubu ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövümdə “Kvara” 9 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 97 oyun, 28 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümü İtaliya A Seriyasının qalibi olub.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 36 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.
Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Xviçanın Kvaratsxeliya atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.


