“Napoli”nin prezidenti: “Osimhen gələn mövsüm də bizimlədir”

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın nigeriyalı hücumçusu Viktor Osimhenin gələcəyi ilə bağlı təminat verib.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir:

“Gələn mövsüm Osimheni formamızda görəcəyik. Bu, mütləqdir. Amma onun üçün yaxşı maliyyə təklifindən daha yaxşısı gələrsə, biz daha da irəli gedəcəyik və Kvaratsxeliya ilə və ya eynilə Osimhenlə olduğu kimi, başqa görkəmli istedad axtarıb tapacağıq”, deyə De Laurentis bildirib.

2022/2023 mövsümündə Osimhen “Napoli”nin heyətində 39 oyuna çıxıb, 31 qol vurub, 5 məhsuldar ötürmə verib. O, komandası ilə İtaliya çempionluğunu qazanmaqla yanaşı, 26 qolla turnirin ən sərrast futbolçusu olub.

Osimhenin “Napoli” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl “Napoli”nin Osimhenlə əməkdaşlığının mümkün uzadılması barədə məlumat yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: