“Napoli”nin prezidenti Aurelio De Laurentis “A22 Sports” şirkətinin baş direktoru, Super Liqanın rəhbəri Bernd Rayxartla görüşüb.
Arena.az məlumat verir ki, bu iki rəhbərin görüşdüyü haqda məlumatı “Mundo Deportivo”nun jurnalistləri ictimailəşdiriblər.
Belə ki, tərəflər Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” – “Barselona” oyununu (1:1) birlikdə izləyərkən, fotoobyektivlərə tuş gəliblər. Bu qeyri-rəsmi şəraitdə tərəflərin maraqlı xüsuslarda söhbət və fikir mübadiləsi apardığı vurğulanır.
Eyni zamanda bildirilir ki, Rayxartın “Barselona”nın prezidenti Joan Laporta ilə görüşə bilib-bilmədiyi məlum deyil.
Xatırladaq ki, Kataloniya klubu Super Liqa layihəsinin əsas dəstəkçilərindən biridir.
İnsayderlərin məlumatına görə, De Laurentis A Seriya liderlərinin müqavimətinə rəğmən, Super Liqa layihəsinə rəğbət bəsləyir və təsis ediləcəyi halda, “Napoli”nin bu yarışda iştirakını məqbul sayır.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz elan edib. Təşkilatların Avropada klub yarışlarında inhisar hüququ yoxdur və Avropa qanunlarına əsasən Super Liqa rəsmi olaraq yaradıla bilər.
Eyni zamanda, 2021-ci ilin mayında Super Liqa UEFA və FIFA-nı rəqabət qanunlarını pozmaqda ittiham edib. Həmin ilin aprelində Avropanın 12 klubu Super Liqanın yaradıldığını elan ediblər. Bura İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Real”, “Barselona”, Atletiko” (Madrid), klubları, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.
Hazırda bu düşərgədə Super Liqa fikrinin müəllifi “Real” və “ələkçinin qılverəni” qismində “Barselona” qalıblar. Məlum olduğu kimi, klub prezidenti Aurelio De Laurentisin simasında “Napoli”də İspaniya nəhənglərinə yoldaş olmaq istəyindədir. Digər klublar UEFA-nın düşərgəsinə keçiblər.
Super Liqaya münasib baxışları olan və hələ hadisələri izləməklə susmaq mövqeyi tutmuş klubların çox olduğu bildirilir.



