Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərindəki təlim-məşq toplanışını davam etdirir.
Arena.az xəbər verir ki, paytaxt klubu toplanışın 15-ci günündə bir məşqlə kifayətlənib.
Bu gün Bakı vaxtı ilə saat 18:00-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesinə isinmə hərəkətləri ilə başlayan komanda üzvləri məşqə toplu çalışmalarla davam ediblər.
Xatırladaq ki, “Matç TV” Kubokunda “Zenit” və “Srvena Zvezda” ilə qarşılaşmış “ağ-qaralar” sonuncu oyununu “Fənərbaxça”ya qarşı keçirəcək. İyulun 15-də “Smena” stadionunda baş tutacaq bu matça Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da təşkil olunacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.


