Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünü 3-cü pillədə bitirmiş “Neftçi”nin yeni mövsümə hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, “ağ-qaralar” yeni mövsümün hazırlığına iyunun 21-də start verəcək.
Təlim-məşq toplanışının birinci mərhələsi iyunun 21-dən 28-nə qədər Bakıda baş tutacaq. Fiziki hazırlığa həsr olunacaq bu mərhələnin ilk 3 günündə futbolçular klubun sağlamlıq sponsoru “Liv Bona Dea Hospital”da tibbi baxışdan keçəndən sonra məşqə qoşulacaqlar.
Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 19-na qədər Rusiyada reallaşacaq. Paytaxt klubu iyulun 1-dən 15-nə qədər Sankt-Peterburq şəhərində təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək.
Azərbaycan təmsilçisi turnir çərçivəsində iyulun 1-də Rusiyanın “Zenit” komandası ilə üz-üzə gələcək. Bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
İyulun 8-də Serbiyanın “Srvena Zvezda” komandası ilə oyun baş tutacaq. Bu görüşə isə saat 20:30-da start veriləcək.
Azərbaycan təmsilçisi iyulun 15-də isə Türkiyənin “Fənərbaxça” komandası ilə qarşılaşacaq. Matçın saat 15:00-da başlayacağı bildirilir.
“Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş isə “Smena” stadionunda baş tutacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu da keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq.
Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Sonda onu da xatırladaq ki, “Neftçi” yeni mövsümdə Avropa Konfrans Liqasında iştirak edəcək. Komanda qitəmiqyaslı yarışa 2-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək. İlk rəqibin adına isə iyunun 21-də təşkil olunacaq püşkatma mərasimində aydınlıq gələcək.


