“Neftçi” “Yuventus” və “Beşiktaş”la eyni qrupa düşdü

“Neftçi” PFK-nın U-12 komandası aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri püşkatma nəticəsində “H” qrupunda yer alıb. “Ağ-qaralar” Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Belçikanın “Vesterlo” və Rusiyanın “Zenit” klubları ilə mübarizə aparacaq.

72 iştirakçının mübarizə aparacağı turnirdə Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” klubları da mübarizə aparacaq. Həmçinin, PSJ (Fransa), “Bayern” (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi Avropa nəhəngləri də bu turnirdə yarışacaq.

Xatırladaq ki, “Neftçi” Futbol Akademiyası bu mövsüm artıq 3 beynəlxalq turnirdə iştirak edib. Klubun U-17 komandası avqust-sentyabr aylarında İtaliyanın paytaxtı Romada təşkil olunmuş Skopinyo Kubokunda çıxış edib. U-11 isə oktyabrda Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “VW Wolf Herbst CUP” və noyabrda Türkiyənin İstanbul şəhərində baş tutmuş Can Bartu beynəlxalq turnirində qüvvəsini sınayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: