Nestor Lorenso ilə yeni müqavilə

Kolumbiya Futbol Federasiyasının rəhbərliyi bu ölkənin milli komandasının baş məşqçisi Nestor Lorenso ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilənin müddəti açıqlanmayıb. Onunla əvvəlki müqavilənin müddəti bu ilin yayında bitirdi.

Xatırladaq ki, Nestor Lorenso 2022-ci ilin yayından Kolumbiya yığmasına rəhbərlik edir. Argentinalı mütəxəssis bu komandanı indiyə qədər 51 oyuna çıxarıb, 31 qələbə, 12 heç-heçə və 8 məğlubiyyət görüb

Kolumbiya millisi Nestor Lorensonun rəhbərliyi altında yenicə başa çatmış dünya çempionatında (DÇ-2026) 1/8 finala qədər irəliləyib. Komanda bu mərhələdə İsveçrəyə penaltilər seriyasında uduzub. Oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb – 0:0, penaltilər seriyası isə 3:4 hesabı ilə yekunlaşıb.

60 yaşlı argentinalı mütəxəssis 2024-cü ildə keçirilmiş Amerika Kubokunda da Kolumbiya millisini finala çıxarmağı bacarıb.

Lorenso daha öncə Argentinanın U-20 və əsas yığmalarında, eləcə də Kolumbiya millisində köməkçi-məşqçi kimi də çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: