Neymar Braziliya millisindən kənarda qaldı

“Santos”un 33 yaşlı ulduz hücumçusu Neymar Braziliya millisinin yaz toplantısına çağırılmış heyətindən kənarda qalıb.

Arena.az bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidmətinə istinadən məlumat verir.

Müvafiq qərarı Braziliya milli komandasının tibbi qərargahı qəbul edib. Beləliklə “Ney” Braziliya millisinin Kolumbiya (21 mart) və Argentina (26 mart) yığmalarına qarşı keçirəcəyi oyunları tribunalardan izləməli olcaq. Həmçinin “selesao” qapıçısı Ederson Morasein (“Mançester Siti”) xidmətindən də tibb heyətinin qənaəti əsasında məhrum olub.

“Bu, hazırlığın bir hissəsidir”

Neymar aldığı üzücü xəbəri şərh edib:

“Bizim uzun danışıqlarımız olub, hamı bilir ki, mən milli komandaya qayıtmağı necə qüvvətlə istəyirəm. Amma biz yekun qənaətə gəldik ki, riskə atılmayaq və zədədən qurtulmaq üçün yaxşıca hazırlaşaq! Bu, hazırlığın bir hissəsidir. Dəstək ismarışları göndərmiş hər kəsə minnətdaram”, – “Ney” özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış braziliyalı futbolçu cari mövsümdə “balıqlar” üçün 7 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərlqənib.

Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 232 oyun, 139 qol və 69 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: