Neymar da satışa qoyuldu!

Fransa nəhəngi PSJ-nin bu yay transfer pəncərəsində satışa çıxarmağı nəzərdə tutduğu futbolçuların siyahısında Neymar da var.

Arena.az “RMC Sport”a istinadən xəbər verir ki, müvafiq siyahıya komandanın braziliyalı ulduz hücumçusunun da adını daxil edib.

Paris klubunun transferə çıxardığı futbolçulardan narazı qaldığı deyilir. Ötən yay komandaya qoşulmuş ispan yarımmüdafiəçi Karlos Soler də siyahıda yer alıb. Portuqal yarımmüdafiəçi Renato Sançes isə mövsüm boyu çoxsaylı zədələrə düçar olduğu üçün klubu təngə gətirib. Klub rəhbərliyi məhz bu səbəbdən Sançesin potensialını tam gerçəkləşdirə bilmədiyi qənaətindədir.

Həmçinin hücumçular – fransız Uqo Ekitike və argentinalı Mauro İkardi də “piştaxtaya” çıxarılıblar. İkardi “Roma”nın hədəfindədir və komandanın zədəli hücumçusu ingilis Temmi Abrahamı əvəzləmək üçün “Roma”ya transfer edilə bilər. Bu barədə mətbuatda müvafiq məlumat yayılmışdı.

PSJ-nin vidalaşmağa hazır olduğu əsas “yağlı tikələr” isə mərakeşli cinah universalı Əşrəf Hakimi, italyan yarımmüdafiəçi Marko Verratti və braziliyalı ulduz hücumçu Neymardır.

Parislilər hələ ötən yay Neymarla ayrılmaq istəsələr də, klub braziliyalı ulduza alıcı tapa bilməmişdi. Neymara “elçi” düşənlər çox deyil. O, nəhəng maaş alır. Bununla yanaşı, braziliyalı futbolçu tez-tez zədələnir. Ulduz hücumçu həmçinin davranışında yol verdiyi əhli-kef münasibəti ilə klub rəhbərliyinin canını boğazına yığıb.

Xatırladaq ki, Neymar geridə qalımış mövsümdə parislilərin heyətində 29 oyunda meydana çıxaraq 18 qol vurub, 17 qol ötürməsi verib və Fransa çempionıuğunu qazanıb.

31 yaşlı futbolçu 2017-ci ildə “Barselona”dan 222 milyon avro qarşılığında PSJ-yə gəlmişdi. O, Paris təmsilçisində indiyə qədər bütövlükdə 173 oyuna çıxıb, 118 qol vurub və 77 məhsuldar ötürmə ilə yadda qalıb. Vaxtilə vətənində “Santos”da da oynamış (134 oyun, 70 qol, 35 assist) Braziliya millisində 124 matça çıxıb, 77 qola imza atıb.

“Transfermarkt” internet-portalı Neymarı 70 milyon avro məbləğində qiymətləndirir.