Futbol üzrə Braziliya milli komandasının və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar zədələnib.
Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Uruqvaya qarşı keçirdikləri oyunda sıradan çıxıb.
O, qarşılaşmanın ilk hissəsində dizindən xəsarət alıb. Təcrübəli forvard 45+4-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Oyunçunun zədəsinin ciddi olduğu ehtimal edilir.
Neymarın zədələndiyi bu qarşılaşma “sambaçılar”ın 0:2 hesablı məğlubiyyəti ilə bitib. Bu, beşqat dünya çempionlarının cari seçmə mərhələdə ilk məğlubiyyətidir.
Xatırladaq ki, braziliyalı futbolçu cari ilin yay transfer pəncərəsində Fransa çempionu PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə o, “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib.
Braziliya millisinin ulduzu daha öncə PSJ-dən başqa “Santos” və “Barselona”da çıxış edib.