Bremen “Verder”inin mərkəz hücumçusu Niklas Füllkruq Bundesliqanın digər təmsilçisi Dortmund “Borussiya”sına keçib.
Arena.az bu barədə “Borussiya”nın mətbuat xidmətinə istinadən məlumat verir.
“Arılar” 30 yaşlı hücumçu üçün 13 milyon avro ödəyəcək ki, bu da futbolçunun elə, təxmin edilən bazar qiyməti qədərdir. Tərəflər arasında 3 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Geridə qalmış 2022/2023 mövsümündə Füllkruq “Verder”in heyətində 30 oyuna çıxıb, 16 qol vurub, 6 məhsuldar ötürmə verib. Hücumçu cari mövsümdə “musiqiçilər”in heyətində 3 oyun keçirib, 1 qol vurub.
Niklas Füllkruq 2022-ci ilin noyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 9 oyun keçirib, 7 qol vurub, 1 məhsuldar ötürmə verib. Füllkruq 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında da Almaniya yığmasının heyətində çıxış edib və 2 qol vurub.
“Verder” dayaq yarımmüdafiəçisi İliya Qruevi də İngiltərənin “Lids” klubuna satıb. Almaniya klubu bu satışdan 4,65 milyon avro qazanıb. Bolqar futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Bolqarıstan yığmasının üzvü buna qədər yalnız “Verder”də oynayıb – 62 oyun, 1 qol. O, Bolqarıstan millisində də 8 matç keçirib.
“Verder”in digər yarımmüdafiəçisi Jan-Manuel Mbom da “Viborq”a keçib. 23 yaşlı alman futbolçu yeni klubu ilə 3 illik sözləşmə imzalayıb.
“Verder” gedənlərin əvəzində Belçikanın “Serkl Brügge” klubundan sol cinah vingeri Olivye Demanı transfer edib. Almaniya təmsilçisi bu keçid üçün 4 milyon avro ödəyib. Onunla imzalanmış müqavilənin müddəti açıqlanmayıb. 23 yaşlı futbolçu Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.


