Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Volfsburq”un baş məşqçisi Niko Kovaç istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Volfsburq” ötən gecə Bundesliqanın 26-cı turu çərçivəsində doğma meydanda “Auqsburq”a 1:3 hesabıyla uduzub. Məhz bu məğlubiyyətdən sonra klub rəhbərliyi baş məşqçinin istefasına qərar verib. Məsələ burasındadır ki, bu, “Volfsburq”un ardıcıl 3-cü məğlubiyyəti olub. Üstəlik, komanda 11 oyundur ölkə çempionatında qələbəyə həsrətdir. “Volfsburq” sonuncu dəfə Bundesliqanın 15-ci turu çərçivəsində ötən ilin dekabr ayının 16-da baş tutmuş “Darmştadt”la səfər oyununda 3 xala sevinib – 1:0.
Xatırladaq ki, Niko Kovaç 2022-ci ilin iyul ayından “Volfsburq”u çalışdırırdı. Sözügedən komanda onun rəhbərliyi altında bütövlükdə 66 oyuna çıxıb. Bu oyunlarda 23 qələbə, 17 heç-heçə və 26 məğlubiyyət qeydə alınıb.
Xorvatiyadan olan 52 yaşlı mütəxəssis daha öncə Almaniyada “Bayern” və “Ayntraxt” klublarında da baş məşqçi kimi çalışıb. “Monako”nun da baş məşqçisi olmuş Kovaç, ölkəsinin U-21 və əsas yığmalarına da rəhbərlik edib.
“Volfsburq” Bundesliqada 26 turdan sonra 25 xalla 14-cü pillədə qərarlaşıb.