Dortmund “Borussiya”sının 25 yaşlı mərkəz müdafiəçisi Niko Şlotterbek “Real” və “Bayern”in marağı mənzərəsində gələcəyi ilə bağlı danışıb.
Arena.az alman futbolçunun müvafiq fikrini təqdim edir:
“Müqaviləm üzrə il yarımdan çox öhdəliyim var. Oturub Sebastyan Kel (“Borussiya”nın idman direktoru – redaktorun qeydi) ilə plan işləyib-hazırlayacağam və bunun nəyə gətirib çıxaracağına baxacağam. Dortmundda özümü rahat hiss edirəm və müvafiq ruhda da davam etmək baxımından heç bir fəsad görmürəm. Amma bu, qeyd-şərtsiz, mənim karyeram üçün vacib qərardır”, deyə Şlotterbek vurğulayıb.
Niko Şlotterbek “Borussiya”ya 2022-ci ilin iyul ayında 20 milyon avro məbləğ müqabilində “Frayburq”dan keçib. Müdafiəçinin Dortmund klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Şlotterbek “Borussiya” üçün bütün yarışlarda 10 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Şlotterbekin “Borussiya”nın heyətində çıxışının ümumi mənzərəsi 134 oyun, 6 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Niko Şlotterbek 2022-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 22 oyun keçirib, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı alman mərkəz müdafiəçisinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


