Nikola Maksimoviç Fransa klubunda

Futbol üzrə Serbiya milli komandasının mərkəz müdafiəçisi Nikola Maksimoviç bundan sonra “Monpelye”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Azad agent statusuna malik təcrübəli futbolçu ilə Liqa 1 təmsilçisi arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma böyük ehtimalla tərəflər bu mövsümün sonuna kimi anlaşıblar.

Nikola Maksimoviç son olaraq Türkiyədə “Hatayspor”un şərəfini qoruyub. O, bu ilin yayında Super Liqa təmsilçisindən azad agent kimi ayrılandan bəri işsiz idi. Hatay klubuna 2023-cü ilin yayında qoşulmuş müdafiəçi Türkiyə komandasının heyətində 20 matça çıxıb və fərqlənə bilməyib.

Maksimoviç karyerası ərzində “Sevoyno”, “Sloboda”, “Srvena Zvezda”, “Torino”, “Napoli”, “Spartak” (Moskva) və “Cenoa” kimi klubların da şərəfini qoruyub.

Serbiyalı müdafiəçi vaxtilə ölkəsinin U-19 və U-21 yığmasında forma geyinib. 2012-ci ilin may ayında Serbiyanın əsas millisində debüt etmiş Nikola, yığmanın heyətində 25 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 350 min avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, “Monpelye” Fransa çempionatının cari mövsümündə heç də uğurlu çıxış etmir. Komanda arxada qalan 9 tur ərzində cəmi 4 xal toplaya bilib və sonuncu sırada qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: