İngiltərənin “Çelsi” klubunun seneqallı hücumçusu Nikolas Cekson bundan sonra Almaniya çempionu “Bayern”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Münhen klubunun rəsmi saytına istinadən xəbər verir.
“Bayern” 24 yaşlı forvardı 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Almaniya nəhəngi futbolçunun bir illik icarəsi üçün “Çelsi”yə 16,5 milyon avro ödəyib.
Xatırladaq ki, “Çelsi” Nikolas Ceksonu 2023-cü ilin yayında İspaniyanın “Vilyarreal” klubundan 37 milyon avro müqabilində heyətinə cəlb edib. Seneqallı forvard indiyə qədər “zadəganlar”la 81 oyuna çıxıb, 30 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Onun London klubu ilə 2033-cü ilin 30 iyununadək müqaviləsi var.
Nikolas Cekson “Vilyarreal”ın yetirməsidir. O, bir ara “Mirandes”də icarədə də olub.
24 yaşlı futbolçu 2022-ci ilin noyabr ayında debüt etdiyi Seneqal yığmasında 19 oyun keçirib, 1 qol vurub, 3 assistlə yadda qalıb.
Ben Çiluell də “Çelsi”dən getdi
“Çelsi”nin digər futbolçusu Ben Çiluell də Fransanın “Strasburq” klubuna keçib. 28 yaşlı sol cinah müdafiəçisi yeni klubu ilə 2 illik müqavilə imzalayıb. O, “Çelsi”ni azad agent kimi tərk etdiyi üçün, Fransa klubu “zadəganlar”a təzminat ödəmək məcburiyyətində qalmayıb.
Xatırladaq ki, Ben Çiluell “Çelsi”yə 2020-ci ilin avqust ayında “Lester Siti”dən 50,2 milyon avro qarşılığında keçmişdi. 28 yaşlı futbolçunun London klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi vardı.
Çiluell “zadəganlar”ın heyətində bütövlükdə 107 oyun keçirib, 9 qol və 12 məhsuldar ötürmə müəllifi olub. O, “Çelsi” ilə UEFA Çempionlar Liqasının (2020/2021) və UEFA Super Kubokunun (2021/2022) qalibi olub.
Ben Çiluell karyerası ərzində “Lester Siti”, “Haddersfild”, “Kristal Pelas” kimi klubların da şərəfini qoruyub. O, 2018-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 21 oyuna çıxıb. Sol cinah müdafiəçisi bu görüşlərdə 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
“Çelsi” daha iki futbolçusunu icarəyə verib. Müdafiəçi İşe Samuels Çempionşip klubu “Suonsi Siti”yə gedib. Hücumçu Ronni Statter isə İngiltərənin 2-ci Liqa təmsilçisi “Barnet”də çıxış edəcək. Hər iki futbolçunun icarə müddəti bir mövsümlükdür.
Yeri gəlmişkən, Nikolas Ceksonu heyətinə qatmış “Bayern” də hücumçusu Cona Kusi-Asareni icarəyə verib. 18 yaşlı hücumçu 2026-cı ilin yayınadək İngiltərə təmsilçisi “Fulhem”də çıxış edəcək.
İsveçrəli forvard ötən mövsüm Münhen təmsilçisinin ikinci komandası da daxil olmaqla, bütün yarışlarda 23 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sonda onu da xatırladaq ki, “Çelsi” UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu komandalar arasında Liqa mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq görüş noyabrın 4-də Bakıda keçiriləcək.


