“Noyerin gələn həftə məşqlərə dönəcəyinə ümidliyik”

“Bayern”in idman direktoru Kristof Froynd uzun müddətdir zədəsini sağaltmaqla məşğul olan alman qapıçı Manuel Noyerin səhhəti barədə danışıb.

Arena.az bu barədə “T-Online” portalına istinadən məlumat verir:

“Manuelin qayıdışına az qalıb. Sadəcə bir neçə gün məsələsi ola bilər. Əlbəttə, ehtiyatlı olmaq lazımdır, o, uzun müddəti ötürüb. Bu mərhələdə yükü düzgün paylamaq vacibdir. Mən ümid edirəm ki, yaxın bir neçə günə və ya gələn həftəyə o, sıraya dönəcək və komanda ilə birlikdə məşqlər edəcək”, deyə Froynd bildirib.

Xatırladaq ki, Almaniya yığması ötən il Qətərdə keçirilmiş dünya çempionatında uğursuz çıxışını başa vurduqdan sonra, Noyer dağ-xizək kurortunda istirahət edərkən ayağını sındırmışdı. Qapıçıya sağ baldır sümüyünün sınığı diaqnozu qoyulmuşdu.

Noyer “Bayern”də 2011-ci ilin iyulundan çıxış edir. Manuel 30 milyon avro qarşılığında “Şalke”dən transfer edilib. Qapıçının münhenlilərlə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Ümumilikdə Noyer “Bayern”in heyətində 488 oyuna çıxıb, 384 qol buraxıb, 233 oyunda qapısının toxunulmazlığını təmin edib. Manuel bütün futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub.

“Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı Manuel Noyeri 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: