Futbol üzrə Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Almaniyanın “Borussiya” (Dortmund) komandasının baş məşqçisi təyin olunub.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
35 yaşlı mütəxəssis ötən gün istefa verən Edin Terziçi əvəzləyib. Nuri Şahinlə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
“Dortmund “Borussiya”sının baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir. Mənə inandıqları üçün klubun yüksək rəhbərliyinin bütün üzvlərinə təşəkkür edirəm. İlk gündən əlimizdən gələni edəcəyik, bu klubun mümkün qədər uğurlu olması üçün güc-qüvvət və ehtirasla çalışacağıq”, – “Borussiya”nın mətbuat xidməti Nuri Şahindən sitat gətirir.
Xatırladaq ki, türkiyəli mütəxəssis buna qədər “Borussiya”da Edin Terziçin köməkçisi kimi fəaliyyət göstərirdi. O, 2023-cü il dekabrın 29-da alman mütəxəssis Sven Benderlə birgə vaxtilə futbolçu kimi çıxış etdikləri Dortmund klubuna məşqçi olaraq geri qayıtmışdı. “Borussiya”nın baş məşqçisi Edin Terziç bu işdə böyük təşəbbüskar olmuşdu. Hər iki mütəxəssis Edin Terziçin məşqçilər qərargahında yer almışdı.
Xatırladaq ki, Dortmund “Borussiya”sının yetirməsi olan Nuri Şahinin futbolçu karyerasının böyük hissəsi məhz Almaniya klubuna aiddir. O, futbolçu olduğu dönəmdə 2005-2011 və 2014-2018-ci illər aralıqlarında məhz bu klubun formasını geyinib. Nuri Şahin “Feyenoord” (Niderland), “Real” (Madrid, İspaniya), “Liverpul” (İngiltərə), “Verder” (Almaniya) kimi klubların da şərəfini qoruyub. Türkiyə milli komandasında 52 oyun keçirmiş ötənlərin yarımmüdafiəçisi yığmada 2 qola imza atıb.
Nuri Şahin futbolçu karyerasının son illərində (2020-2021) “Antalyaspor”da çıxış edib. O, karyerasını bitirdikdən sonra bu klubun strukturunda çalışmağa başlayıb. 35 yaşlı mütəxəssis 2021-ci ilin oktyabrından ötən ilin sonuna kimi bu komandanın baş məşqçisi kimi fəaliyyət göstərb. Bu müddətdə Antalya təmsilçisi onun rəhbərliyi altında 92 oyun keçirib, 38 qələbə qazanıb, 23 heç-heçə edib və 31 məğlubiyyətə üzülüb.




