Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva 1-ci Liqasının 14-cü turu çərçivəsində baş tutan “Nevejis”lə matçın iştirakçısı olub.
“Yonava” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan növbəti ağır məğlubiyyətlə ayrılıb – 0:5.
Nurlan Novruzov bu matça start heyətdə çıxıb və sonadək mübarizə aparıb. Əvvəlki turlarda 1 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.
Bu, mövsümə çox uğursuz başlamış “Yonava”nın 11-ci məğlubiyyətidir. Komanda qalan oyunlarından ikisində qalib gəlib, birində isə heç-heçə edib.
“Yonava” geridə qalan 14 turdan sonra 7 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


