Türkiyənin “Adana Dəmirspor” klubunun hücumçusu Mbaye Nyanq Super Liqa təmsilçisində maliyyə böhranı yaşandığını iddia edib.
Arena.az xəbər verir ki, Seneqaldan olan 29 yaşlı forvard 4 aydır maaş almadığını bildirib.
O, bu barədə Fransa mətbuatına açıqlamasında məlumat verib.
Xatırladaq ki, “Adana Dəmirspor” son vaxtlarda maaş probleminə görə bir çox oyunçusu ilə müqaviləsinə xitam verib. “Mavi şimşəklər” bundan əvvəl Endryu Qravillo, Yunes Belhanda və Kevin Rodriqeslə yollarını ayırmışdı. Türkiyə mətbuatı bu oyunçuların məhz klubdakı maliyyə sıxıntısına görə komandanı tərk etdiyini yazır.
Bu arada Fransanın ünlü “Ekip” nəşrinə açıqlama verən Nyanq da 4 aydır maaş almadığını, bunun meydandakı çıxışına böyük təsir göstərdiyini söyləyib: “Türkiyədəki təcrübəm çox yaxşıdır. Yaxşı oynayıram və ilk 11-likdə yer alıram. Ancaq ödənişlə bağlı bəzi problemlər var və bu, diqqətimi oyuna yönəltməyə mane olur. Bir az gecikmə normal sayıla bilər, amma maaşlarımız 4 aydır gecikir. Ayrılmaq istəyirəm. Bunu rəhbərliyə bildirdim. Fransaya qayıtmaq mənim üçün ilk plandadır”.
Nyanqın bu iddiasına Adana klubunun prezidenti Murat Sancakın cavabı gecikməyib. O, sosial şəbəkə hesabında seneqallı futbolçunun yalan danışdığını bildirib:
“Yalan deyirsən, bir avro belə bizdən alacağın qalmayıb. Alacağın olsaydı, müqaviləni ləğv edib gedə bilərdin. Ona görə də getmək istədiyinizi deyəndə, “transfer haqqını gətir və get”, dedik. Uğurlar! Təklifləri səbirsizliklə gözləyirik”.
Xatırladaq ki, Mbaye Nyanq bu mövsümün əvvəlində Fransanın “Oser” klubundan azad agent kimi ayrılmış və Adana klubu ilə 2 illik müqavilə bağlamışdı. O, Super Liqa təmsilçisində indiyə qədər 20 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.
Murat Sancak Henri Onyekuru ilə də belə “atışmışdı”
Yeri gəlmişkən qeyd edək ki, “Adana Dəmirspor”un prezidenti Murat Sancak bir müddət öncə sabiq futbolçusu Henri Onyekuru ilə də maaş probleminə dair sərt açıqlama vermişdi. O, vaxtilə klubdan uzaqlaşdırdığı Onyekurunun “Qalatasaray”la oyundan sonrakı davranışına görə cəzalandırıldığını bəyan etmişdi. Nəticədə Onyekuru sosial şəbəkə hesabında onu buna görə qınamışdı: “Mənim haqqımda danışmaq əvəzinə oyunçuların maaşını ödəmək lazımdı, hörmətli prezident”, deyə türkiyəli funksionerə söz atmışdı.
Onun bu fikrinə Murad Sancak belə cavab vermişdi: “O şərəfsiz və nankor Henridən soruşuram, sənin alacağın qalib ki, başqasının da alacağı qalsın? Amma narahat olmayın, onun xaraktersizliyini hər kəs video ilə görəcək”.
Xatırladaq ki, “Adana Dəmirspor”da 28 oyunda 8 qolla yaddan qalmış nigeryalı futbolçu hazırda Səudiyyə Ərəbistanı klublarından “Əl-Fahya”da çıxış edir.
Sonda onu da bildirək ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də “Adana Dəmirspor”da çıxış edir. O, bu mövsümün gedişində “Qarabağ”dan ayrılaraq Türkiyə klubu ilə 2 illik müqavilə bağlamışdı. “Şah” Adana təmsilçisində indiyə qədər cəmi 5 oyun keçirib.
Bahar Rüstəmzadə


