Futbol üzrə İngiltərə Premyer Liqasında uğursuz mövsümü (2025/2026) geridə qoymuş “Nyukasl” klubu 6 oyunçusu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qapıçı Aaron Remsdeyl icarə müqaviləsinin müddəti başa çatdığı üçün məxsus olduğu “Sauthempton” klubuna geri dönəcək.
Müdafiəçi Mett Targett, eləcə də qapıçılar Con Raddi və Maks Tompsonun isə klubla başa çatmış müqavilələrinin yenilənməməsinə qərar verilib.
Kiran Trippyer və Emil Kraft da komandanı tərk ediblər. Onlar da klubla yeni müqavilə bağlamayıblar.
Klub onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Fabian Şer isə klubla yeni müqaviləyə imza atıb. O, daha bir il klubda qalmağa qərar verib. Yeni müqavilə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, “Nyukasl” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünü 49 xalla 20 iştirakçı arasında 12-ci pillədə başa vurub. Komanda keçirdiyi 38 oyunda 14 qələbə qazanıb, 7 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.


