“Nyukasl” baş məşqçisini istefaya göndərdi

İngiltərənin “Nyukasl” klubu baş məşqçisi Stiv Bryus ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

61 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Nyukasl” cari mövsümdə Premyer Liqada keçirdiyi 8 oyunda qələbə qazana bilməyib. Cəmi 3 heç-heçəsi olan komanda 3 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

Sözügedən klub bir neçə gün öncə Səudiyyə Ərəbistanından olan şirkət tərəfindən satın alınıb. Bu üzdən də yeni rəhbərliyin bu komandaya tanınmış bir mütəxəssisi dəvət etməsi gözlənilir.

Stiv Bryus 2019-cu ilin iyulundan “Nyukasl”a rəhbərlik edirdi. 61 yaşlı məşqçi bu komandanı indiyə qədər 97 oyuna çıxarıb, 28 qələbə, 28 heç-heçəyə nail olub, 41 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: