“Nyukasl” “İnter”dən Barellanı istəyir

İngiltərənin “Nyukasl” klubu Milan “İnter”inin yarımmüdafiəçisi Nikolo Barellanı transfer etməyə hazırdır.

Arena.az bu barədə “The Telegraph”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “sağsağanlar” Barellaya görə “İnter”ə 58 milyon avro ödəməyə hazırdırlar. “Nyukasl” rəhbərliyinin transferi tezliklə həyata keçirməkdə maraqlı olduğu deyilir.

“Nyukasl”ın bu yay transfer pəncərəsində əsas transfer hədəfinin güclü yarımmüdafiəçi almaq olduduğu bildirilir. Klub rəhbərlərinin bu məqsədlə sanballı məbləğ ayırdığı haqda məlumat verilib. Bununla yanaşı, “Nyukasl” “Lester”in yarımmüdafiəçisi Ceym Meddisonu da ciddi diqqətdə saxlayıb.

2022/2023 mövsümündə Barella “İnter”in heyətində 52 oyuna çıxıb, 9 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib.
Barellanın “İnter” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Yarımmüdafiəçi dörd mövsümdür ki, “İnter”də çıxış edir.

“Transfermarkt” internet-portalı Barellanı 70 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl, “Nyukasl” yay transfer pəncərəsi dönəmində ilk transferi həyata keçirdiyini elan etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: