Olavio Juninyo və Marko Veşoviç “Bayer”lə matçdan danışdılar

“Qarabağ”ın hücumçusu Olavio Juninyo Avropa Liqasının 1/8 finalında “Bayer”ə qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, “Qarabağ”ın ikinci qolunun müəllifi olan braziliyalı futbolçu matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Maraqlı oyun oldu. İkinci buraxdığımız qola görə çox üzüldüm. Amma “Bayer”in potensialı hamıya bəllidir. Qırmızı vərəqə aldığımız epizodda da bəxtsizlik oldu. Bu da oyuna təsir etdi. Oyun yüksək tempdə keçirdi. Bu tip oyunlarda sona qədər meydanda olmaq istəyirsən”.

Olavio Juninyo “Qarabağ”dakı gələcəyi barədə də danışıb: “Hazırda “Qarabağ”da xoşbəxtəm. Burada oynadığım üçün qürur duyuram. Mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər. Keçdiyim komandaya tez uyğunlaşa bilirəm”.

“Qarabağ”ın sağ cinah müdafiəçisi Marko Veşoviç də Almaniyadakı qarşılaşmadan sonra fikirlərini paylaşıb. Monteneqrolu futbolçu UEFA-nın rəsmi saytına açıqlamasında qələbəni son anda əldən verdikləri üçün üzüldüklərini bildirib:

“Çox məyus olduq. “Bayer”ə qarşı iki əla oyun keçirdik, amma bunun mükafatını almadıq. Çox kədərliyik. Qırmızı vərəqədən sonra önümüzdə “Bayer” kimi yüksək səviyyəli rəqibə qarşı tab gətirmək vəzifəsi var idi. Rəqib dəqiqələr keçdikcə təzyiqi artırdı. Məğlub olsaq da, əla komandamız olduğunu sübut etdik. Növbəti mövsümdə yenidən cəhd edəcəyik”.

İki oyunun cəmində 4:5 (2:2, 2:3) hesabı ilə məğlub olan “Qarabağ” avrokuboklarla vidalaşıb.

Xatırladaq ki, Azərbaycan və Almaniya təmsilçiləri bu mövsüm Avroliqanın qrup mərhələsində də qarşılaşmışdılar. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: