Fransız veteran mərkəz hücumçusu Olivye Jiru AÇ-2024-dən sonra Fransa yığma komandasında çıxışını başa vuracağını bildirib.
Arena.az bu barədə Fransanın nüfuzlu “L’Équipe” nəşrinə istinadən məlumat verir:
“Aydındır ki, mən milli komandada oynamaq üçün çox darıxacağam, amma gənc oyunçulara yer verməyin vaxtıdır”, deyə Jiru vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Jiru cari mövsümün bitməsilə “Milan”dan gedəcəyini açıqlamışdı. Veteran hücumçu artıq MLS təmsilçisi “Los-Anceles”lə müqavilə də imzalayıb.
Cari mövsümdə Olivye “Milan”ın heyətində 46 oyuna çıxıb, 16 qol vurub, 9 məhsuldar ötürmə verib.
Fransız futbolçu “Milan”dan öncə “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal” və “Çelsi”də çıxış edib. Jirunun futbolçu karyerasının böyük hissəsi məhz “Arsenal”da keçib.
Jiru 2011-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heəytində 131 oyuna çıxıb, 57 qol vurub, 16 məhsuldar ötürmə verib. Jiru Fransa yığmasının ən sərrast futbolçusudur. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı fransız veteran mərkəz hücumçusunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.