Futbol üzrə Fransa milli komandasının hücumçusu Olivye Jiru İtaliyanın “Milan” klubu ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 36 yaşlı hücumçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək artırılıb. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonuna qədər idi.
Xatırladaq ki, Olivye Jiru “Milan”a 2021-ci ilin iyul ayında İngiltərənin “Çelsi” komandasından keçib. Fransalı forvard bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 37 oyunda 13 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. Bütövlükdə isə o, bu komandada 76 oyun keçirib, 27 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Jiru daha öncə “Arsenal”, “Çelsi”, “Monpelye”, “Tur”, “İstr” və “Qrenobl” kimi klubların da formasını geyinib. O, Fransa milli komandasında da 121 oyuna 53 qol vurub.