Olivye Jiru Fransa millisi ilə vidalaşdı

Bu yay “Los Anceles Qalaksi” ilə müqavilə bağlamış veteran mərkəz hücumçusu Olivye Jiru Fransa yığma komandasında çıxışını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özünün sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Jiru hələ Almaniyadakı Avropa çempionatından (AÇ-2024) öncə Fransanın nüfuzlu “L’Équipe” nəşrinə açıqlamasında millidən ayrılacağını açıqlamışdı:

“Aydındır ki, mən milli komandada oynamaq üçün çox darıxacağam, amma gənc oyunçulara yer verməyin vaxtıdır”, deyə Jiru vurğulamışdı. O, bu gün sözünü tutub və milli ilə vidalaşdığını rəsmən açıqlayıb.

Xatırladaq ki, Jiru Fransa millisində 2011-ci ilin noyabrında Amerika Birləşmiş Ştatları ilə oyunda (1:1) debüt etmişdi. Təcrübəli forvard milli komandada 13 il ərzində 137 oyuna çıxıb, 57 qol vurub və 15 məhsuldar ötürmə verib. Onun millidə son matçı İspaniya ilə AÇ-2024-ün yarımfinal oyunu olub – 1:2.

Jiru Fransa yığmasının ən sərrast futbolçusudur. Olivye “xoruzlar”la DÇ-2018-in və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Ötən mövsümün bitməsilə İtaliyanın “Milan” klubundan ayrılan Olivye Jiru MLS təmsilçisi “Los-Anceles”lə müqavilə də imzalayıb.

Geridə qalmış 2023/2024 mövsümündə Olivye “Milan”ın heyətində 47 oyuna çıxıb, 17 qol vurub, 9 məhsuldar ötürmə verib. Onun İtaliya klubundakı karyerası bütövlükdə 132 oyun, 49 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Fransız futbolçu “Milan”dan öncə “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal” və “Çelsi”də çıxış edib. Jirunun futbolçu karyerasının böyük hissəsi məhz “Arsenal”da keçib.

“Transfermarkt” internet-portalı 37 yaşlı fransız veteran mərkəz hücumçusunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.