“Milan”ın fransalı mərkəz hücumçusu Olivye Jiru futbolçu karyerasını bitirəndən sonra ilk növbədə nə işlə məşğul olacağını açıqlayıb.
Arena.az “Le Dauphine Libere” dərgisinə istinadən, Jirunun müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Evə, doğma dağlarıma qayıtmaqdan böyük məmnunluq duyaram. Mən xizək sürməyi çox sevirəm. Bu, karyeramı bitirdikdən sonra edəcəyim ilk iş olacaq, indi peşəkar futbolçulara xizək sürməyə icazə verilmir”, deyə Jiru açıqlayıb.
Olivye Jiru “Milan”a 2021-ci ilin iyulunda 2,85 milyon avro müqabilində “Çelsi”dən keçib. Fransız hücumçunun “rossoneri” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Olivye “Milan”ın heyətində 21 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib. Jiru “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub.
Jiru 2011-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heəytində 129 oyuna çıxıb, 56 qol vurub, 16 məhsuldar ötürmə verib. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı fransız veteran mərkəz hücumçusunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.