Olivye Jiru milli karyerasını bitirəcəyi tarixi açıqladı

Futbol üzrə Fransa yığma komandasının 37 yaşlı mərkəz hücumçusu Olivye Jiru milli komandadakı karyerasını bitirməyi hədəfləyir.

Arena.az-ın verdiyi məlumata görə, milli komandada 56 qolla bombardir olan Jiru AÇ-2024-dən sonra karyerasını bitirmək arzusundadır.

2016-cı ildə keçirilən Avropa Çempionatının finalda Portuqaliyaya 0:1 hesabı ilə məğlub olan Fransa yığmasının heyətində yer almış Jirunun əsas hədəfi AÇ-2024-ü qazanmaqdır. O, xarici mətbuata verdiyi açıqlamada AÇ-2024-ü qazanaraq milli komandadakı karyerasını bitirəcəyini bildirib:

“Mən qısamüddətli planlardan başqa heç bir plan qurmuram. Ən əsası fit və rəqabətədavamlı qalmaqdır. Qarşıdan gələn Avropa çempionatı hədəfdir. Bu, mənim son turnirim ola bilər, amma bundan sonra nə olacağını sizə deyə bilmərəm. Mən sadəcə Avropa çempionatını qazanmağım üçün darıxıram. Əgər qalib gəlsək, millidən gedəcəyəm. Bu, yəqin ki, sona çatmasaq belə baş verəcək. Hər dəqiqədən maksimum yararlanıram. Bəzi uşaqlara demişdim ki, DÇ-2022-ni qazansaq, idmandan gedəcəyəm. Amma bu, alınmadı. Mən yığma komanda ilə titullar qazanmağa can atıram”, – deyə təcrübəli futbolçu etiraf edib.

Xatırladaq ki, Jiru 2011-ci ilin noyabrından millinin şərəfini qoruyur. O, yığma komandanın heyətində meydana çıxdığı 129 oyunda 56 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub. Jiru karyerası ərzində 6 böyük turnirdə iştirak edib.

Olivye Jiru hazırda “Milan”da çıxış edir. O, İtaliya klubuna 2021-ci ilin iyulunda “Çelsi”dən gəlib. Fransız hücumçunun milanlılarla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Jiru “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub.

Zəhra Həsənova