İtaliyanın “Milan” klubunun 38 yaşlı fransalı mərkəz hücumçusu Olivye Jiru futboldakı cari arzusundan danışıb.
Arena.az veteran futbolçunun bu xüsusda fikirlərini təqdim edir:
“38 yaşımda xəyallarım nələrdir? Ola bilsin ki, Fransa ilə Avropa çempionatının qalibi olmaq. Bu, həm də mənim sonuncu yarışım olacaq. 2016-cı ildə evdə, finalda uduzduq və bu, mənimlə qaldı. Bu, 2018-ci ildə dünya çempionu olanda uğur qazanmağımıza kömək etdi. “Milan” və Fransa ilə Avropanın ən yüksək səviyyəsində çıxışımı başa vurmaq mənim üçün doğru zamanda doğru qərar idi”, deyə Jiru bildirib.
(“Milan News”)
Qeyd edək ki, Jiru bu yay “Milan”dan ayrılacaq. O, karyerasını Amerika Birləşmiş Ştatlarının “Los-Anceles” komandasında forma geyinməyə qərar verib. Fransa millisinin Almaniyada keçiriləcək Avropa çempionatı (AÇ-2024) üçün açıqlanmış heyətində Jirunun da adı var.
Olivye Jiru “Milan”a 2021-ci ilin iyulunda 2,85 milyon avro müqabilində “Çelsi”dən keçib. Fransız hücumçunun “rossoneri” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Olivye “Milan”ın heyətində 46 oyuna çıxıb, 16 qol vurub, 9 məhsuldar ötürmə verib. Veteran hücumçunun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 131 oyun, 48 qol, 20 məhsuldar ötürmə.
Jiru “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub.
Fransalı futbolçu “Milan”dan öncə “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal” və “Çelsi” kimi klubların da formasını geyinib. Fransalı veteranın karyerasının böyük hissəsi məhz “Arsenal”da keçib.
Jiru 2011-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heəytində 131 oyuna çıxıb, 57 qol vurub, 16 məhsuldar ötürmə verib. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı fransız veteran mərkəz hücumçusunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.