“Milan”ın və Fransa yığmasının veteran mərkəz hücumçusu Olivye Jiru müasir futbolda nəyi dəyişmək istədiyi haqda sualı cavablayıb.
Arena.az “Football Italia” dərgisinə isitinadən, fransız futbolçunun bu barədə cavabını təqdim edir:
“Məni bağışlayın, amma məni azacıq narahat edən VAR-dır. Çox vaxt aparır, hakimlər səni gözlədirlər və buna rəğmən, yenə də səhv qərarlar qəbul etməyi bacarırlar! Mən istərdim ki, azacıq kortəbiiliyi yenə bərpa etmək üçün düzgün yol tapaq”, deyə Jiru vurğulayıb.
Olivye Jiru “Milan”a 2021-ci ilin iyulunda 2,85 milyon avro müqabilində “Çelsi”dən keçib. Fransız hücumçunun “rossoneri” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Olivye “Milan”ın heyətində 36 oyuna çıxıb, 14 qol vurub, 9 məhsuldar ötürmə verib. Jiru “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub.
Yeri gəlmişkən qeyd edək ki, fransalı veteran hücumçunun cari mövsümün sonunda “rossoneri”nin düşərgəsini tərk etmək ehtimalı yüksəkdir. 37 yaşlı futbolçu MLS təmsilçisi “Los-Anceles”ə keçmək istəyir və amerikan klubu ilə müqavilə bağlamağa yaxındır. Transfer baş tutarsa, Jiru Fransa yığmasındakı keçmiş komanda yoldaşı, qapıçı Uqo Lyorislə birlikdə çıxış edəcək.
Jiru 2011-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heəytində 129 oyuna çıxıb, 56 qol vurub, 16 məhsuldar ötürmə verib. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı fransız veteran mərkəz hücumçusunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.