“Real”ın fransalı dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni sınıq zədəsi səbəbilə sıradan çıxıb və vəziyyəti həkim nəzarətindədir.
Arena.az bu barədə “Real”ın rəsmi saytında dərc edilmiş məlumata əsasən xəbər verir:
“Real”ın Tibb Xidmətləri tərəfindən Orelyen Tçuameni üzərində aparılmış müayinədən sonra oyunçuya sol ayağın ikinci metatarsalında natamam stress sınığı diaqnozu qoyulub. Onun vəziyyətinin irəliləyişinə nəzarət edilməlidir”, – “Real”ın Tçuameni haqda tibbi hesabatında məlumat verilir.
Bu arada, “Madrid Universal” dərgisi Tçuameninin 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağını iddia edən məlumatı dərc edib. Dərginin təhlilinə görə, müvafiq zədə müqabilində sıraya dönüş məhz bu müddətə mümkündür. Bu isə cari ildə Tçuameni üçün futbolun bitdiyi anlamına gəlir.
Tçuameni “Bordo”nun yetirməsidir və “Real”a 2022-ci ilin iyulunda 80 milyon avro qarşılığında “Monako”dan keçib. Fransalı “dayaqçı”nın “qaymaqlılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Tçuameni “Real”ın heəytində 14 oyuna çıxıb, 1 qol vurub. Orelyenin İspaniya nəhənginin heyətində ümumi statistakıs isə belədir: 64 oyun, 1 qol, 4 məhsuldar ötürmə.
Tçuameni “kral klubu” ilə 2022/2023 mövsümündə İspaniya Super Kubokunu və UEFA Super Kubokunu qazanıb, həmçinin 2023 FIFA Klub Dünya Kubokunun qalibi olub.
Tçuameni 2021-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 29 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Orelyen “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı Tçuamenini 90 milyon avro məbləğində qiymətləndirir.


