Yeni mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” dayaq yarımmüdafiəçisi Pərviz Azadov ilə yollarını ayırıb.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, klubla futbolçu arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Azadova gələcək karyerasında uğurlar arzulayıb.
Azadovun yeni klubu da müəyyənləşib. O, bundan sonra Birinci Liqada mübarizə aparan “Səbail”in formasını geyinəcək. Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
Pərviz Azadov 2025-ci ilin sentyabrından “Şəfa”da çıxış edirdi. Yarımmüdafiəçi bu komandanın heyətində 31 oyuna çıxıb. 25 yaşlı futbolçu daha öncə “Şimal”, “Zirə” və “Şamaxı” kimi klublarda da forma geyinib.
“Şəfa” bu yay Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyevlə də yollarını ayırıb. Gedənlərin əvəzində Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu, Dilan Mertens, Mussa Quel, Fərid Yusifli, Maudo Jarjue, Treyvon Fuller, Bafode Dansoko və Kristofer Mamengi heyətə cəlb edilib. Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə də yeni müqavilə imzalanıb.


