İtaliyanın “Katanzaro” klubunun sol cinah vingeri Panos Katseris bundan sonra “Loryan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Yunanıstandan olan 22 yaşlı futbolçu ilə Liqa 1 təmsilçisi arasındakı müqavilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. “Loryan” bu transfer üçün İtaliya klubuna 1,5 milyon avro ödəyib.
Panos Katseris 2022-ci ilin avqust ayndan “Katanzaro”da çıxış edirdi. O, daha öncə “Paviya”, “Noçerina”, “Kavese”, “Nuova Florida” kimi klublarda da forma geyinib.
“Loryan” İngiltərənin “Uotford” klubunun mərkəz yarımmüdafiəçisi İmran Luzanı da heyətinə qatıb. Mərakeş yığmasının da üzvü olan 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi Liqa 1 klubunda forma geyinəcək.
“Nant”ın yetirməsi olan İmran Luza “Uotford”a 2021-ci ilin iyul ayında 10 milyon avro qarşılığında keçmişdi. O, İngiltərə klubunun heyətində 60 oyuna çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Vaxtilə Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Luza, 2021-ci ildən Mərakeş milli komandasının formasını geyinir. O, yığmada 14 oyuna çıxıb, 2 qola imza atıb.
“Loryan” iki futbolçusunu da icarəyə verib. 21 yaşlı fransalı hücumçu Pablo Pagis “Laval”a keçib. O, bu mövsümün sonuna kimi icarədə olacaq. “Loryan”ın öz yetirməsi olan, klubun əsas komandasında cəmi 3 matç keçirmiş Pagis, daha öncə “Olimpik” (Nim) komandasında da icarədə olub.
Norveçdən olan sağ cinah vingeri Yoel Mvuka isə “Yanq Boyz” tərəfindən satınalma şərti ilə icarəyə götürülüb. 21 yaşlı futbolçu ötən il “Bodo Qlimt”də də icarədə olub. Karyerasına “Asane” komandasında başlamış futbolçu “Loryan”a 2023-cü ilin yanvarında 5,5 milyon avro qarşılığında keçsə də, Liqa 1 təmsilçisində cəmi 7 oyuna çıxıb. Norveçin U-19 və U-20 yığmalarında da oynamış Mvuka, hazırda U-21-ə dəvət alır.


