Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes dünya çempionatının (DÇ-2026) finalından sonra İspaniya futbolçuları ilə münaqişə yaşayıb.
Arena.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatının İst-Ratford şəhərində keçirilmiş final görüşündə İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Matç başa çatdıqdan sonra Paredes əvvəlcə İspaniya millisinin müdafiəçisi Erik Qarsiyanın boğazından tutub. Ardınca isə yarımmüdafiəçi Qavini itələyib.
Futbolçunun daha da aqressivləşməsinin qarşısını Argentina millisinin digər oyunçuları və məşqçiləri alıblar. Onlar komanda yoldaşlarını sakitləşdirərək insidentin böyüməsinə imkan verməyiblər.
Argentina millisinin kapitanı Lionel Messi isə məğlubiyyətdən sonra emosiyalarını cilovlaya bilməyib. 39 yaşlı hücumçu qarşılaşmadan sonra göz yaşlarına hakim ola bilməyib.
Messi bununla karyerasında üçüncü dəfə dünya çempionatının finalında oynayıb. O, 2022-ci ildə dünya çempionu olub, 2014 və 2026-cı illərdə isə gümüş medalla kifayətlənib.
Argentina millisinin kapitanı 2023-cü ildən ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir. O, karyerası ərzində “Barselona” və PSJ formalarını da geyinib.
Messi dünya çempionluğu (2022), iki dünya çempionatı gümüş medalı (2014, 2026), Olimpiya Oyunlarının qızıl medalı (2008) və Amerika Kubokunun iki qalibliyi (2021, 2024) daxil olmaqla zəngin karyeraya malikdir. Argentinalı ulduz 8 dəfə “Qızıl top” mükafatını qazanaraq bu göstəricidə rekordçudur.


