Patrik Andrade yenidən “Qarabağ”da! – Rəsmi

“Qarabağ”ın sabiq futbolçusu, son olaraq Serbiya “Partizan”ının uğurları üçün çalışmış Patrik Andrade yenidən Ağdam klubuna qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2+1 illik müqaviləyə imza atıblar. Futbolçunun köhnə-yeni komandasında 66 nömrəli formanı geyinəcəyi açıqlanıb. Halbuki o, vaxtilə bu komandada 6 nömrəli formada çıxış edib. Hazırda isə bu nömrə ilə braziliyalı legioner Julio Romao oynayır.

Xatırladaq ki, Patrik Andrade “Partizan”a ötən ilin iyul ayında məhz “Qarabağ”dan azad agent kimi ayrılaraq keçmişdi. Kabo Verde yığmasının üzvü həmin vaxt Serbiya klubu ilə 3 illik müqavilə bağlamışdı. İndi 30 yaşlı futbolçunun bu klubla hələ 2 illik müqaviləsi olduğu Ağdam təmsilçisinə necə qayıtdığı maraq doğurur. Güman ki, futbolçu “Partizan”la qarşılıqlı anlaşaraq müqaviləsinə xitam verib və Azərbaycan çempionuna azad agent kimi qayıdıb.

Andrade hələ Serbiyaya gedəndən qısa müddət sonra onun “Partizan”da xoşbəxt olmadığı, “Qarabağ”dan ayrıldığı üçün peşman olduğuna dair xəbərlər yayılmışdı. İndi yarımmüdafiəçinin keçmiş komandasına qayıtmağa qərar verməsi də həmin söhbətlərin boşuna olmadığının təsdiqidir.

Andrade 2020-ci ilin avqustundan ötən ilin yayına qədər formasını geyindiyi “Qarabağ”da 70 oyuna çıxıb. O, Ağdam təmsilçisində 12 qol vurub, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Andrade “Qarabağ”dan öncə Bolqrıstanın “Çerno More” klubunda forma geyinmişdi. O, “Sportinq” (Praya), “Desportivo da Praya”, “Benfika da Praya”, “Ribeyrao”, “Joane”, “Moreyrense”, “Famalikan”, “Salqeyros” kimi komandalarda da forma geyinib. Futbolçu ölkəsinin yığma komandasında da 17 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: