Patrik Şik Çexiya millisində yeni rekordçu oldu

Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Gürcüstanla oyun Çexiya yığmasının hücumçusu Patrik Şik üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Çexiya milli komandası Gürcüstanla oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Qarşılaşmada hesabı gürcülər açıblar. Amma çexlər 59-cu dəqiqədə məhz Patrik Şikin vurduğu cavab qolu sayəsində məğlubiyyətdən xilas ola biliblər. Qarşılaşma elə 1:1 hesabıyla başa çatıb.

Şik vurduğu bu qolla Çexiya millisinin tarixinə düşüb. O, yığma komandanın heyətində Avropa çempionatlarında vurduğu qolların sayını 6-ya çatdırıb. Bununla da Patrik Avropa çempionatlarında 5 qol vurmuş digər çexiyalı hücumçu Milan Baroşun nailiyyətini geridə qoyub.

Xatırladaq ki, Patrik Şik 2016-cı ilin may ayında debüt etdiyi Çexiya milli komandasının heyətində indiyə qədər 40 oyuna çıxıb. O, bu oyunlarda 20 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Şik 2020-ci ilin sentyabrından Almaniyanın “Bayer” klubunun uğurları üçün çalışır. O, geridə qalmış 2023/2024 mövsümündə meydana çıxdığı 33 oyunda 13 qol vurub, 3 məhsuldar ötürmə verib. Çexiyalı forvard Leverkuzen klubunda bütövlükdə 123 matça çıxıb, 54 qola imza atıb, 11 assist edib.

Şik daha öncə “Leypsiq”, “Roma”, “Sampdoriya”, “Bohemians” və “Sparta” (Praqa) klublarının da formasını geyinib.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: