Almaniyanın “Bayer” klubunun hücumçusu Patrik Şik Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, Bakıdakı oyunda 2:2 hesablı heç-heçəyə razılaşmış komandaların Leverkuzendəki cavab görüşündə almanlar 3:2 hesablı əzmkar qələbəyə seviniblər.
2 qol vuraraq qarşılaşmanın qəhrəmanı olan Patrik Şik əlavə edilmiş dəqiqələrdə dubla imza atdığı üçün xoşbəxt olduğunu bildirib. Çexiyalı hücumçu matçdan sonra jurnalistlərə açıqlamasında matçı belə şərh edib:
“Meydanda ağır mübarizə getdi. Çətin, həyəcanlı oyun oldu. Azərbaycan komandası alqışa layiqdir. “Qarabağ” Bundesliqadakı rəqiblərimizlə müqayisədə tam fərqli üslubda oynayır. Bu, işimizi çətinləşdirdi. Ancaq qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Bu, təsadüf deyil. Cari mövsümdə artıq dörd və ya beşinci dəfədir ki, bu formada geridönüş edirik. İnanılmaz dərəcədə komanda ruhumuz var. Son dəqiqədə vurulan həlledici qol həmişə emosionallıq gətirir. Eyni formada davam etməliyik”.
“Bayer”in isveçrəli yarımmüdafiəçisi Qranit Caka da matçla bağlı fikirlərini paylaşıb: “Dramatik oyun oldu. “Qarabağ” azlıqda olarkən bizə qol vurdu. Say üstünlüyünə malik olan komanda 0:2 hesabı ilə geri düşməməlidir, ancaq bunu biz yaşadıq. Adətən futbolçular iki top fərqi ilə geri olduqları zaman həvəsdən düşür, oyunun onlar üçün bitdiyini fikirləşirlər. 70-ci dəqiqədən sonra hesabı 3:2-yə çatdırmağımız bir daha əhval-ruhiyyəmizin və mentalitetimizin inanılmaz olduğunu göstərir. Bu, qeyri-adi qələbədir”.
“Bayer”in və Almaniya millisinin yarımmüdafiəçisi Robert Andrix də “Qarabağ” üzərində qələbədən danışıb:
“Qarabağ” önündə son fitə qədər bütün gücümüzü ortaya qoyduq. Əlbəttə, həmişə belə olmur. Hər oyunda bu durumla üzləşmək istəmirik. Yenə də əzmkar qələbə sayəsində irəliləməyi bacardıq. Sona qədər bütün gücümüzlə mübarizə apardıq və bəhrəsini gördük”.


