Pavol Şafranko “Sabah”da – Rəsmi

Futbol üzrə Slovakiya milli komandasının hücumçusu Pavol Şafranko bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Azad agent statusuna malik 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Pavol Şafrankonun sonuncu iş yeri Rumıniyanın “Sepsi” komandası olub. O, 2022-ci ildən formasını geyindiyi sözügedən klubdan bu yay azad agent kimi ayrılıb. Slovakiyalı hücumçu “Sepsi”nin heyətində meydana çıxdığı 153 oyunda 32 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.

Pavol Şafranko daha öncə Slovakiyanın “Tatran” (2013-2016), “Podbrezova” (2016), “DAC 1904” (2017-2018), Danimarkanın “Olborq” (2019), Şotlandiyanın “Dandi Yunayted” (2018/2019) və CAR-ın “Sandauns” (2021-2022) klublarında da oynayıb.

Slovakiyanın U-20 və U-21 yığmalarında da oynamış hücumçu 2017-ci ilin yanvarında ölkəsinin əsas millisində debüt edib. O, yığmada 10 oyun keçirsə də, fərqlənə bilməyib.

Xatırladaq ki, “Sabah” Şafrankodan öncə Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı), İvan Lepinitsa (“Slaven Belupo”, Xorvatiya) və Neqoş Kupusoviçi (“Trençin”, Slovakiya) də transfer etmişdi. Kiyev “Dinamo”sundan icarəyə götürülmüş Kahim Parrisin də transfer hüquqları alınıb.

Əvəzində Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi və Emmanuel Apeh komandanı tərk ediblər. Rauf Rüstəmli də “Şamaxı”ya icarəyə verilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: