Almaniyanın “Ştutqart” klubu baş məşqçi Pelleqrino Mataratso ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın uğursuz nəticələri səbəb olub. Son olaraq 9-cu turda “Union Berlin”lə ev oyunundan 0:1 hesablı məğlubiyyətlə ayrılan “Ştutqart”, elitada qələbə qazana bilməyən yeganə komandadır. 5 heç-heçə sayəsində cəmi 5 xalı olan bu komanda 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.
Pelleqrino Mataratso 2019-cu ilin dekabrından “Ştutqart”a rəhbərlik edirdi. O, bu komandanı 100 matça çıxarıb. Bu oyunlarda 31 qələbə qazanmış “Ştutqart”, 29 heç-heçə edib, 39 məğlubiyyətə üzülüb.
ABŞ-dan olan 44 yaşlı mütəxəssis daha öncə “Nürnberq”in ikinci komandasında da köməkçi məşqçi kimi çalışıb.


