Pep Byel “Auqsburq”da

Yunanıstanın “Olimpiakos” klubunun hücumameyilli yarımmüdafiəçisi Pep Byel bundan sonra “Auqsburq”un formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bundesliqa təmsilçisi 27 yaşlı futbolçunu cari mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb. Anlaşmanın maddi detalları barədə məlumat verilməyib.

Pep Byel “Olimpiakos”a 2022-ci ilin sentyabrında Danimarkanın “Kopenhagen” klubundan 6 milyon avro qarşılığında gəlmişdi. İspan futbolçu bu komandanın heyətində meydana çıxdığı 59 oyunda 12 qol vurub, 8 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi karyerası ərzində “Kopenhagen”, “Real Saraqosa”, “Lyosetense”, “Konstansiya”, “Almudevar” kimi klublarda da forma geyinib, “Rayo Valyekano” və “Malyorka”nın B komandalarının uğurları üçün çalışıb.

“Auqsburq”da iki ayrılıq da yaşanıb. Bundesliqa təmsilçisi mərkəz müdafiəçisi Frederik Vinterlə sol cinah müdafiəçisi David Çolinanı icarəyə göndərib. Vinter Portuqaliyanın “Eştoril”, Çolina isə Danimarkanın “Vayle” klubuna icarəyə verilib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Frederik Vinter “Auqsburq”a 2020-ci ilin oktyabr ayında Danimarkanın “Lyunqbyu” klubundan 1,3 milyon avro qarşılığında keçmişdi. Danimarkadan olan 23 yaşlı futbolçu Bundesliqa klubunda əsas heyət üzvünə çevrilə bilməyib. O, bu komandanın heyətində cəmi 7 matça çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Bu üzdən də müdafiəçi daha öncə “Lyunqbyu” və “Brondbü” klublarına da icarəyə verilmişdi. Vinter Danimarkanın U-18, U-19, U-20 və U-21 yığmalarında da oynayıb.

“Auqsburq” David Çolinanı isə 2023-cü ilin yanvarında Split “Hayduk”undan 650 min avro qarşılığında transfer etmişdi. Xorvatiyadan olan 23 yaşlı müdafiəçi Almaniya klubunun heyətində 8 oyuna çıxıb, 1 qol vurub. O, “Auqsburq”dan öncə “Monako” və “Hayduk”un formasını geyinib. Çolina Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: