Per Matias Hoqmo: “Qarabağ”la matça motivasiya ilə çıxacağıq”

“Hakken”in baş məşqçisi Per Matias Hoqmo Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, İsveç təmsilçisinin çalışdırıcısı bu gün Bakıda baş tutan mətbuat konfransında “Qarabağ”la qarşılaşmanın onlar üçün sonuncu olduğunu xatırladıb:

“Bizim məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Klub tarixinin ən yaxşı mövsümüdür. İlk dəfə qrupa vəsiqə qazandıq və bir sıra futbolçularımızı yüksək qiymətə satdıq”.

Hoqmo Azərbaycan təmsilçisinin çox yaxşı oyunçulara sahib olduğunu vurğulayıb: “Qarabağ” yaxşı və xarakterli komandadır. Bu rəqiblə evdəki qarşılaşmada yaxşı performans sərgiləsək də, nəticə qazana bilmədik. Sabahkı oyuna motivasiya ilə çıxacağıq. Hər şey yaxşıdır”.

Per Matias Hoqmo Bakıdakı hava şəraitinin onlara təsir etməyəcəyini sözlərinə əlavə edib: “Əsl İsveç havasıdır. Buna öyrəşmişik. Bakıya üçüncü səfərimdir. Hər dəfə Azərbaycan futbolunun klub və milli səviyyəsində inkişaf etdiyini görürük”.

“Hakken”in futbolçusu Samuel Qustafson da Bakıdakı oyundan əvvəl fikirlərini bölüşüb. O, bu gün 3 xala sahib olmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

“Baş məşqçi daim bizə motivasiya verir. Əhval-ruhiyyəmiz yüksək səviyyədədir. Meydana qələbə əzmi ilə çıxacağıq”.

28 yaşlı yarımmüdafiəçi “Qarabağ” haqqında xoş fikirlər səsləndirib: “Qarabağ”ın heyətində yaxşı futbolçular var. Nümunə kimi Marko Yankoviçin adını çəkə bilərəm. Onunla oynamışıq, təcrübəli və perspektivlidir. Sağ cinahlarında yer alan futbolçu da yaxşıdır. Adını indi xatırlamıram”.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 21:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: