Pirs Morqan: “Ronaldo haqlı idi, Ten Haq uğursuzun biridir”

Məşhur jurnalist Pirs Morqan “Mançester Yunayted”in Niderlanddan olan baş məşqçisi Erik ten Haq haqqında danışıb.

Arena.az xəbər verir ki, o, bu barədə özünün “Twitter” hesabı üzərindən paylaşım edib.

Morqan İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində “Mançester Yunayted”in səfərdə “Tottenhem”ə 0:2 hesablı məğlubiyyətindən təsirlənib:

“Hansısa bir məqamda, “Mançester Yunayted” azarkeşləri kollektiv komadan ayılacaqlar və Kristiano Ronaldonun Ten Haq haqqında haqlı olduğunu başa düşəcəklər. O, uğursuzun biridir”, – Pirs Morqan paylaşıb.

Xatırladaq ki, məşhur portuqal superulduz, hücumçu Kristiano Ronaldo bir müddət əvvəl Pirs Morqana müsahibəsində “Mançester Yunayted”in rəhbərliyini və infrastrukturunu, həmçinin Erik ten Haqı tənqid etmişdi. Müsahibədən sonra Ronaldo “Mançester Yunayted”lə əməkdaşlığına xitam verərək, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçmişdi.

Hazırda 2-ci tura yekun vurulmayıb və “Mançester Yunayted” 10-cu yerdə qərarlaşıb. 2-ci turun başa çatması ilə “qırmızı şeytanlar” ilk onluqdan da kənarda qalacağı şübhəsizdir. “Qırmızı şeytanlar” 1-ci turda “Vulverhempton”a minimal hesabla qalib gəlmişdilər – 1:0.

Xəbəri sosial şəbəkələrdə paylaş: