“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino cari yay transfer pəncərəsinin qalan hissəsi üçün hədəfini müəyyənləşdirib.
Arena.az bu barədə “Evening Standard”a istinadən xəbər verir.
Argentinalı çalışdırıcı komandasına yeni hücumçu cəlb etmək istəyir və bu məqsədlə seçimini iki futbolçunun üstündə saxlayıb.
“Yuventus”un serb hücumçusu Duşan Vlahoviç və “Monpelye”nin fransalı mərkəz hücumçusu Elye Vai Poçettinonun diqqətindədirlər.
Duşan Vlahoviç 2022-ci ilin yanvarından “Yuventus”da çıxış edir. Geridə qalmış 2022/2023 mövsümündə serb hücumçu “zebralar”ın heyətində 42 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib. 23 yaşlı Vlahoviçin “Qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet-portalı Duşan Vlahoviçi 70 milyon avro məbləğində qiymətləndirir.
Elye Vaiyə gəlincə, hücumçu 2022/2023 mövsümündə “Monpelye”nin heyətində 33 oyuna çıxıb, 19 qol vurub, 6 məhsuldar ötürmə verib. Vainin “Monpelye” ilə müqaviləsi 2025-ci ildə başa çatacaq. “Transfermarkt” internet-portalı Elye Vaini 35 milyon avro məbləğində qiymətləndirir.


