Poçettino sayılmayan qola etiraz etdi: “Bu, gülməli və ağrılıdır”

“Çelsi”nin baş məçqçisi Maurisio Poçettino Premyer Liqanın 35-ci turunda “Aston Villa” ilə səfər oyununu (2:2) şərh edib.

Arena.az BBC-yə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyunu izləyən hər kəs məyus olacaq. İki fərqli məqam var: hakim bunun cərimə olduğunu dedi və qola yol vermədi, sonra isə qərarını təsdiqləmək üçün VAR-a müraciət etdi. Hakim inanılmazdır, bu, gülməlidir. Bu isə ağrılıdır, çünki ingilis futboluna zərər verdi.

Düşünürəm ki, hətta “Aston Villa” oyunçuları və onların azarkeşləri qola niyə icazə verilmədiyini başa düşmədilər”, deyə Poçettino bildirib.

Xatırladaq ki, birinci hissədə “Aston Villa”nın 2:0 hesabı ilə öndə olduğu oyunu, “zadəganlar” ikinci hissədə iki qol vurmaqla xilas ediblər. Üstəlik 90+5-ci dəqiqədə “Çelsi” üçüncü topu meydan sahiblərinin qapısından keçirsə də, hakim əllə oyunu əsas gətirərək, qolu hesaba almayıb.

35 oyundan sonra “Aston Villa” 67 xalla Premyer Liqanın yarış cədvəlində 4-cü, “Çelsi” isə 33 oyundan 48 xalla 9-cu pillədə qərarlaşıb.

Premyer Liqanın zirvəsində 34 oyundan 77 xalla şərti lider “Arsenal” yer alıb. 33 oyundan 76 xal toplamış “Mançester Siti” isə mümkün lider qismində 2-ci pillədə qərarlaşıb.