“Monako”nun 32 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba 2 illik fasilədən sonra ilk dəfə rəsmi oyunda iştirak edib.
Arena.az xəbər verir ki, Poqbanın yaşıl meydanlara qayıdışı Fransa Liqa 1-in 13-cü turu çərçivəsində “Renn”ə qarşı səfər oyununda gerçəkləşib.
Təcrübəli futbolçu knyazlıq klubunun 1:4 hesablı məğlubiyyəti ilə başa çatmış oyunun 85-ci dəqiqəsində, komandası 0:4 hesabı ilə məğlub olarkən meydana daxil olub. Bu, onun 2023-cü ilin sentyabrından bəri ilk matçıdır.
Xatırladaq ki, həmin oyundan sonra fransız futbolçu dopinqə görə cəzalandırılmışdı. Onun diskvalifikasiya müddəti 2025-ci ilin martında başa çatıb.
Poqba oyundan sonra açıqlama verib. O, böyük futbola qayıdışını belə şərh edib:
“Futbol mənim üçün bitməyib. Biz işləyir, qayıdışımızı iki ildən çox gözləyirdik… Elə məqamlar olur ki, şeytan səni hər şeyin bitdiyinə əmin etməyə çalışır. Amma Allah var, özümə və keyfiyyətlərimə inanıram. Mən heç nə etməmişəm, bu, mənim təqsirim deyil. Həmişə ümidimi saxlamışam”, deyə Poqba vurğulayıb.
Xatırladaq ki, Pol Poqba cari ilin iyun ayında azad agent qismində “Monako”ya qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıblar. Amma mövsümün geridə qalmış hissəsində Poqbaya Knyazlıq klubunda debüt etmək qismət olmurdu. Buna səbəb təcrübəli futbolçunun zədədən əziyyət çəkməsi idi.
Poqba daha öncə “Mançester Yunayted” (233 oyun, 39 qol, 51 assist) və “Yuventus”da (190 oyun, 34 qol, 40 assist) çıxış edib.
Yarımmüdafiəçi 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib.
Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı fransalı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


